Türkiyə yenidən tarixi zirvəyə ev sahibliyi edəcək. Rusiya və Ukrayna nümayəndə heyətləri atəşkəs üçün yenidən İstanbulda görüşəcək. Görüşün saat 13:00-da Çırağan sarayında keçirilməsi planlaşdırılır. Rusiya nümayəndə heyəti danışıqlar üçün İstanbula gəlib.
Mayın 16-da İstanbulda keçirilən Rusiya-Ukrayna danışıqlarından sonra Ukrayna Rusiyanın bu gün İstanbulda növbəti görüş çağırışına cavab verib. Ukrayna prezidenti Vladimir Zelenski Ukraynanın bu gün İstanbulda Rusiya ilə görüşə qatılacağını açıqlayıb. Zelenski bildirib ki, danışıqlara növbəti dəfə Ukraynanın müdafiə naziri Rüstəm Umerov rəhbərlik edəcək. Telegram kanalında paylaşım edən Zelenski, "İstanbulda keçiriləcək görüşdən əvvəl (Ukraynanın) mövqelərini açıqladım" deyib.
TAM VƏ ŞƏRTSİZ ATƏŞKƏS VURĞUSU

Zelenski mesajında aşağıdakı ifadələrə yer verib:
“Ukrayna Müdafiə naziri, Xarici işlər naziri, Baş Qərargah rəisi, kəşfiyyat qurumlarımız və Ukrayna Təhlükəsizlik Xidmətindən hesabatlar aldım. Müdafiəmiz, aktiv əməliyyatlarımız və diplomatiyamız haqqında məlumat əldə etdim. Müstəqilliyimizi, dövlətimizi və xalqımızı qorumaq üçün əlimizdən gələni edirik. Yaxın dövr üçün vəzifələri müəyyənləşdirdim və eyni zamanda İstanbulda keçiriləcək görüşdən öncə mövqeyimizi dəqiqləşdirdim.”

Zelenski İstanbuldakı görüşlərdəki mövqeləri barədə detallı şəkildə bildirib:
“Birincisi – tam və şərtsiz atəşkəs.
İkincisi – əsirlərin azad olunması.
Üçüncüsü – qaçırılmış uşaqların geri qaytarılması.
Etibarlı, davamlı sülhün təmin olunması və təhlükəsizliyin yaradılması üçün ən yüksək səviyyədə bir görüşün hazırlanması. Bu əsas məsələlər yalnız liderlər tərəfindən həll oluna bilər. Sabah heyətimizə Rüstəm Umerov rəhbərlik edəcək.”
Rusiya 2 iyun tarixini işarə etmişdi

Kreml sözçüsü Dmitriy Peskov 30 may, cümə günü verdiyi açıqlamada, Ukrayna məsələsində yüksək səviyyəli görüşmələrin baş tutması üçün heyətlərarası danışıqlardan nəticə əldə edilməsinin vacibliyini bildirib. O deyib:

“Rus müzakirə heyəti İstanbul istiqamətində yola düşür; danışıqların ikinci turu üçün bazar ertəsi səhər hazır olacaqlar.”

Peskov, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Vladimir Putin, Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ Prezidenti Donald Tramp arasında Türkiyədə keçirilə biləcək bir zirvə ilə bağlı suala cavab verərək belə deyib:

“Belə bir görüşdən əvvəl iki ölkənin heyətləri arasında birbaşa aparılan danışıqlardan nəticə çıxmalıdır. Əgər nəticə əldə olunarsa, o zaman əlbəttə ki, ən yüksək səviyyədə təmaslardan danışmaq olar.”

Peskov həmçinin vurğulayıb ki, İstanbulda keçiriləcək ikinci tur danışıqlarda Rusiya və Ukraynanın hazırladığı memorandumların müzakirə ediləcəyi gözlənilir:

“Hazırda hamı birbaşa Rusiya–Ukrayna danışıqlarına fokuslanıb. Müvəqqəti atəşkəs şərtlərinin siyahısının hazırlanması üzərində işlər davam edir. Bununla yanaşı, Qara dənizdə gəmiçilik təhlükəsizliyi də gələcək həllərin bir hissəsi olacaq.”

Tərəflər Çırağan sarayında görüşəcək

Türkiyə Xarici İşlər Nazirliyindən əldə edilən məlumata görə, Ukrayna və Rusiya heyətləri arasında danışıqlar bu gün saat 13:00-da Çırağan Sarayında keçirilməsi planlaşdırılır