İranın Çindən ballistik raket üçün kimyəvi maddə aldığı iddia olunur

İranın ballistik raketlər üçün Çindən minlərlə ton kimyəvi maddə sifariş etdiyi bildirilir.

Adlarının açıqlanmaması şərtilə Wall Street Journal (WSJ) nəşrinə danışan rəsmilər, Tehran hakimiyyətinin raketlərdə istifadə olunan bərk yanacaq üçün lazım olan sodyum perkloat adlı kimyəvi maddədən min ton sifariş verdiyini bildiriblər.

Maddəni daşıyan "Golbon" adlı gəminin Çinin Ciansu vilayətinə bağlı Taytsanq limanından yola düşərək İranın Bəndər Abbas şəhərinə çatdığı qeyd olunur. Xəbərdə göndərişin nə vaxt həyata keçirildiyinə dair məlumat paylaşılmır. Razılaşmanın çox güman ki, ABŞ Prezidenti Donald Trampın İranla nüvə danışıqlarına başlamasından əvvəl imzalandığı vurğulanır.

Raket yanacağında istifadə olunan bu maddənin İranın Pishgaman Tejarat Rafi şirkəti tərəfindən, Honq-Konqda yerləşən Lion Commodities Holdings şirkətindən alındığı iddia edilir.

Mənbələr bildirir ki, bu xammal təxminən 800 ballistik raketin buraxılışı üçün kifayətdir.

Eyni gəminin fevral ayının sonu ilə martın əvvəli arasında da Çindən İrana sodyum perkloat daşıdığı iddia olunub.

CNN-in fevralda yayımladığı xəbərə görə, bu kimyəvi maddə ilə hazırlanacaq bərk yanacaq təxminən 260 ədəd "Xeybər Şəkan" və ya 200 ədəd "Hac Qasım" raketinin atılması üçün yetərlidir. Hər iki raketin təxminən 1450 kilometr mənzili var.

ABŞ Maliyyə Nazirliyi, Tehranın ballistik raket proqramı ilə bağlı göndərişlərlə əlaqəli olaraq, İran və Çindəki bəzi şəxs və qurumlara aprel ayında sanksiyalar tətbiq edib.

WSJ-nin şərh tələbinə İranın BMT-dəki nümayəndəliyi cavab verməyib. Çin Xarici İşlər Nazirliyi isə belə bir göndəriş barədə məlumatlarının olmadığını iddia edib.