Romantik münasibətlərdə "yedəkdə saxlama" kimi də tanınan benching, bir şəxslə ciddi münasibətə başlamamaq, amma ünsiyyəti də tam kəsməmək vəziyyətidir. Evlilik və ailə terapevti Claudia de Llanonun dediyinə görə, müasir dünyada tez-tez rast gəlinən bu halın əsas səbəblərindən biri tək qalma qorxusudur. Bu qorxu insanları qərarsızlığa və başqalarını "ehtiyatda" tutmağa itələyir.
Yeshiva Universitetinin klinik psixoloqu Sabrina Romanoff benching haqqında belə deyir: "Dating tətbiqlərinin yayılması ilə yedəkdə saxlanma halları çox artıb. Çünki insanlar seçim çoxluğu içində qalır və çox vaxt bir neçə partnyora yönələ bilirlər. Bu, müasir tanışlıq mədəniyyətində qərar verməni çətinləşdirir və emosional bağlılıqdan qaçmağa səbəb olur."
Dr. Romanoffun fikrincə, benchingin əsas əlamətlərindən biri qarşı tərəfin sizinlə ünsiyyətdə ardıcıllıq göstərməməsidir. Məsələn, mesajlara gec cavab vermək, planları daim təxirə salmaq və ya qeyri-müəyyən vədlər vermək bu davranışın əlamətləri ola bilər. Əgər partnyorunuz növbəti görüşə dair ziddiyyətli ifadələr işlədirsə, yəni bir gün həvəsli, digər gün soyuq davranırsa, benchingə məruz qalmağınız ehtimalı yüksəkdir.
Həmçinin, şəxsin emosional yaxınlıq gözləmədən sizinlə müəyyən aralıqlarla fiziki (cinsi) əlaqədə olması da benchingin xəbərçisi ola bilər. Belə hallarda ünsiyyət adətən tək tərəfli olur; söhbətin davamlılığı daha çox sizin səyinizlə təmin edilir, qarşı tərəf isə passiv və ya laqeyd qalır. Mənim əlavə etdiyim bir məqam da budur: benchingə məruz qalanlar özlərini tez-tez "kifayət qədər yaxşı deyiləm" kimi hiss edə bilər, çünki bu davranış qurbanın öz dəyərini sorğulamağa başlamasına səbəb olur.