ABŞ Prezidenti Donald Trampın Ukraynaya silah yardımı və peyk kəşfiyyat məlumatlarının ötürülməsini dayandırmasından sonra Ukrayna ordusu cəbhədə ciddi problemlərlə üzləşməyə başladı.
GERİ ÇƏKİLƏCƏK?
Əvvəlki gecə Ukraynanın işğal etdiyi Rusiyanın Kursk bölgəsində genişmiqyaslı əməliyyat başlatan Rusiya qoşunlarının 10 min Ukrayna əsgərini mühasirəyə almaq üzrə olduğu bildirildi. Kursk bölgəsində yaşanan kritik hadisələrdən sonra Ukrayna lideri Volodimir Zelenskinin yaxın iki gün ərzində Rusiyanın Kursk bölgəsindən geri çəkilmə əmri verəcəyi söylənilir. Rusiya Müdafiə Nazirliyi Kursk bölgəsində Viktorovka, Nikolayevka və Staraya Soroçina yaşayış məntəqələrinin ələ keçirildiyini açıqladı. Demək olar ki, Ukrayna sərhəddinə qədər irəliləyən Rusiya qoşunlarının strateji əhəmiyyətli Suca şəhərini mühasirəyə aldığı bildirildi. Suca şəhərində Rusiyanın “Gazprom” şirkətinin Avropa istiqamətində təbii qaz göndərdiyi nasos stansiyası yerləşir.
DONETSKƏ İSKƏNDƏR RAKETİ
Trampın qərarlarından sonra Ukrayna üçün ikinci faciəli hadisə Donetsk bölgəsində baş verdi. Erkən xəbərdarlıq sisteminin işləməməsi səbəbindən Rusiyanın atdığı iki “İskəndər-M” tipli ballistik raket Dobropolye qəsəbəsindəki mülki yaşayış zonasını vurdu. Ukrayna Fövqəladə Hallar Nazirliyi beş mərtəbəli dörd binanın zərər gördüyü hava hücumunda, aralarında iki uşağın da olduğu 11 mülki şəxsin öldüyünü, 30 nəfərin isə yaralandığını bildirdi.
ZELENSKİDƏN YENİ ÇAĞRI
Sosyal media hesabından açıqlama verən Ukrayna Prezidenti Volodimir Zelenski, “Dünən gecə Dobropolye qəsəbəsinə Rusiyanın raket hücumu onların hədəf və planlarının dəyişmədiyini göstərir. Xalqımızın həyatını qorumaq üçün hava müdafiəmizi gücləndirməliyik. Hücumlarını davam etdirən Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edilməlidir,” - deyə qeyd edib. Rusiya ordusu Donetskdən əlavə, Qara dəniz sahilində yerləşən Ukraynanı ardıcıl üçüncü gecə raket atəşinə tutdu. Hücumda elektrik paylayıcı transformatorlar və təbii qaz paylayıcı stansiya zərər gördü.