Kraliyyət Ailəsinin sosial media hesabında edilən paylaşıma görə, 10 mart bazar ertəsi İngilis Millətlər Birliyi Günü münasibətilə hazırlanmış “Kralın Musiqi Otağı” adlı xüsusi radio yayımı bütün dünyada dinləyicilərlə görüşəcək. Özünü xoşbəxt edən mahnıları əhatə edən şəxsi musiqi siyahısını paylaşan Böyük Britaniya Kralı III Çarlzın siyahısında Bob Marley, Kylie Minogue və Grace Jones kimi dünyaca məşhur sənətçilər yer alır.

Bu xüsusi yayımda Kral Çarlz bəzi sənətçilərlə tanışlıq hekayələrini paylaşacağı və musiqinin həyatındakı təsirindən danışacağı bildirilib. Yayımda musiqi siyahısındakı hər mahnını niyə seçdiyini də izah edəcək olan Kral Çarlzın xüsusi radio yayımının Bukingem Sarayındakı ofisində qeydə alındığı qeyd edilib.

Kraliyyət Ailəsinin sosial media hesabındakı paylaşımda Kral Çarlzın musiqi ilə bağlı fikirlərini açıqladığı görüntülü mesaja da yer verilib. Kral Çarlz mesajında, “Həyatım boyu musiqi mənim üçün çox vacib olub. Bunun çoxları üçün də eyni olduğunu bilirəm. Musiqinin, yaddaşımızın ən dərin guşələrindən xoşbəxt xatirələri geri gətirmək, kədərli anlarımızda bizə təsəlli vermək və bizi uzaq yerlərə aparmaq kimi möhtəşəm bir bacarığı var. Amma bəlkə də ən vacibi, musiqi ruhumuzu o qədər yüksəldə bilər ki, bizi birgə qeyd etməyə topladıqda daha da güclü bir təsir yaradır. Başqa sözlə desək, musiqi bizə sevinc gətirir” ifadələrini işlədib.