Ağ Evdən verilən yazılı açıqlamada ABŞ və Ukrayna texniki heyətləri arasında 23-25 mart tarixlərində Ər-Riyadda Qara dənizdəki vəziyyətlə bağlı aparılan danışıqların nəticələri paylaşılıb. Açıqlamaya görə, ABŞ və Ukrayna Qara dənizdə təhlükəsiz naviqasiyanı təmin etmək, güc tətbiqini aradan qaldırmaq və kommersiya gəmilərindən hərbi məqsədlər üçün istifadənin qarşısını almaq barədə razılığa gəliblər. İki ölkə, həmçinin hərbi əsirlərin mübadiləsi, mülki məhbusların azad edilməsi və zorla qaçırılan ukraynalı uşaqların geri qaytarılması məsələlərində birgə işləmək iradəsini nümayiş etdirib.
ABŞ və Ukraynanın texniki nümayəndə heyətləri, həmçinin enerji obyektlərinə hücumların qadağan edilməsinə dair Rusiya və Ukrayna memorandumunun icrası ilə bağlı razılığa gəliblər. “Üçüncü ölkələrin enerji və dəniz sazişlərinin həyata keçirilməsini dəstəkləmək üçün xoş niyyətli yanaşmaları alqışlanır”. Bəyanatda həmçinin vurğulanıb ki, ABŞ və Ukrayna “qalıcı və daimi sülhün bərqərar olması” üçün fəaliyyətini davam etdirəcək.